Bizlər hər zaman dünyaya səpələnmiş azərbaycanlıların mədəni inkişafını diqqət mərkəzində saxlamağa çalışmışıq. Elə məhz bu məqsədlə, 2001-ci il 30 iyun tarixində "ARAZ" adlı teatr-studiya təsis edildi. Təsis mərasimi Polşa dramaturqu Slovamir Mrojekin "Mühacirlər" traqi-komediyasının səhnələşdirilməsi ilə düzənləndi. Həmin əsər barədə deyək ki, onu ingiliz dilindən tərcümə edən Şaiq Cabiroğlu, rejissoru respublikanın əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev, rolları ifa edənlər Respublikanın əməkdar artisti Ayşad Məmmədov və aktyor Qurban İsmayılovdur. "ARAZ" teatr-studiyası, yarandığı gündən bəri Türkiyədə Türk Dünyası Kültür Mərkəzində, Altay Vaqfında, Hollandiyanın Haaqa şəhərində keçirilən DAK-ın 6-cı qurultayında, Haaqadakı Azəri-Türk Kültür Dərnəyində, Rotterdam şəhərində türkiyəli qardaşlarımızın yaratdıqları Sahne Sanat Kurumunda, Dünya Azərbaycanlıları Konqresinin (DAK) 2004-cü il 30-31 yanvar, 1 fevral tarixdə Fransanın Strasbourg şəhərində keçirilən 7-ci qurultayında, Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndələriyində, "KAPELLHAUS" Alman-Azərbaycan Mədəniyyət Birliyində və digər yerlərdə öz "Mühacirlər" tamaşasını uğurla səhnələşdirmişdir.
 |
 |
2004-cü ildə "ARAZ" teatr-studiyası Amerika dramaturqu Artur Milletin "Körpüdən mənzərə" pyesini Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun maliyyə yardımı ilə tamaşaya hazırladı. Əsərin primyerası may ayının 13-də oldu. Qeyd edək ki, əsəri ingilizcədən tərcümə edən Şaiq Cabiroğlu, tamaşanın rejissoru əməkdar incəsənət xadimi və "Qızıl Dərviş" mükafatları laureatı Hüseynağa Atakişiyev, bəstəkarı xalq artisti və dövlət mükafatları laureatı Xəyyam Mirzəzadə, rəssamı əməkdar rəssam və dövlət mükafatı laureatı Nazim Bəykişiyevdir.
|
|
|
 |
 |
Bundan başqa "ARAZ" teatr-studiyası milli-vətənpərvərlik ruhda ədəbi-bədii tamaşa hazırlamışdır ki, bu artıq Strasbourgda DAKın 7-ci qurultayında və DAK-ın 2005-ci il 16 aprel tarixində Ankarada (Türkiyə) keçirilən 8-ci qurultayında göstərilmiş, millət vəkili və görkəmli şair Zəlimxan Yaqubun şerləri əsasında, Gənclər Teatrının aktyoru Sərvər Əliyevin səhləşdirdiyi "Ey vətən oğulları!" və Azərbaycan şairləri Zəlimxan Yaqubun, Abbas Abdullanın, Nizami Sarajlının Türkiyəyə həsr etdikləri şerlər əsasında hazırlanmış "Sevirəm səni, Türkiyə!" ədəbi-bədii tamaşalarıdır.
Xatırladaq ki, "ARAZ" teatr-studiyası müstəqil hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 09.03.2004 tarixində təsisçisi Qurban İsmayılov olaraq "ARAZ teatr-studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı ilə qeydiyyatdan keçmişdir.
|