Qulamrza Əmani "qəzaya" uğradı
Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının bəyanatı

 

Dəyərli həmvətənlər, hörmətli güney azərbaycanlılar,


Aldığımız acı xəbərə görə, cümə günü 3 aban 1387-ci il, 24 oktyabr 2008-ci il, Güney Azərbaycan milli fəalı 35 yaşlı mühəndis Qulamrza Əmani “qəzaya” uğramış, özü ilə iki qardaşı Təbrizin ətrafında Əhər caddəsində Xoca məntəqəsində həlak olmuşdur. Bu xəbər, digər həmvətənlərimiz kimi, bizi də - Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası olaraq, dərin kədərləndirmişdir.

 

Qulamrza Əmani, Heris ətrafında olan Qaragüney kəndində anadan olmuş, ali təhsilini Təbriz Universitetində aqrar mühəndisliyi ixtisası ilə başa vurmuşdu. O, İran İslam Respublikasının rəsmi TV-sinin hazırladığı “Siz türklərlə qonşu olub, evlənərsinizmi?” adlı məşhur anketə etiraz aksiyasının, Bəzz Qalasına yığıntıların, Səttarxan məzarı üstü tədbirlərin fəal iştirakçılarından idi.

 

Mühəndis Əmani, son 10 ildə həm tələbəlik dövründə və həm də ondan sonra, Güney Azərbaycanda milli hüquqlar uğrunda İran İslam Respublikasına qarşı mübarizə aparmışdı və bir neçə dəfə rejim tərəfindən həbs olunmuşdu. O, 4 il həbs almışdı. Bununla İran İslam Respublikası, azərbaycanlıların milli hüquqlarını tapdaladığı kimi Onun da fərdi hüquqlarını ayaq altına qoymuşdu. Və bugün də Onun avariaya düşməsi, Azərbaycan ictimaiyyatında güclü bir şübhə doğurur ki, burada da Rejimin əli var. Əlbəttə bu şübhəyə əsas da mövcuddur. Bugün Amerika və Avropada gedən iqtisadi böhranları nəzərə alaraq, İran İslam Respublikası bir tərəfdən bu böhranın İranda təsirini düşünərək öz gələcəyindən nigaran olduğu üçün, milli haqların üzərində gedən müxtəlif xalqların o cümlədən Azərbaycan xalqının bu yolda uzun illərdən bəri ardıcıl apardığı və bugün yeni bir müstəviyə gəlib çatan hərəkatından qorxur və ona qarşı tədbirlər cızır. Bu planın bir hissəsi, rejimin, milli fəalları tutub həbsə almasıdır və 1367-ci ildə və sonrakı illər kimi kütləvi qırğın və yaxud zincirvari qətlləri təşkil etməsi bugün də istisna deyildir. Xüsusilə şovinisti və istibdadi rejimlər, həm bugün və həm də hələ Şah dövründə, müxaliflərini dolayı və şübhəli yollarla o cümlədən duvar altına qoymaq, avariaya salmaq, suda batırmaq, zəhərləndirmək, xəstələndirmək, ampul vurmaq, döyüb-bıçaqlamaq və qazla boğmaqdan çəkinmirlər.

 

Bunları nəzərə alaraq, Qulamrza Əmaninin “qəzaya” uğraması biz azərbaycanlılarda şübhə doğurmaya bilməz. Elə buna görə həmin hadisənin daxildə və xaricdə səlahiyyətli orqanlar tərəfindən araşdırılmasının tərəfdarı olduğumuzu bildiririk və bu işdə digər soydaşlarımızı birgə əməkdaşlığa dəvət edirik. Bunu, içəridə və ölkədən kənar fəaliyyət göstərən fəallarımızın bu kimi yollarla aradan aparılmasının qarşısının alınması barədə İran rejiminin planlarının qarşısını almaq üçün bir tədbir kimi hesab edirik. Bu barədə beynəlxalq təşkilatların diqqətini bu məsələyə cəlb etmək üçün müraciət də edirik.

 

Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının üzvləri, mühəndis Qulamrza Əmani və onun qardaşlarının itgisini, onun həyat-yoldaşı, valideynləri və dostlarına təsliyət deyir. Ümid edirik ki, onun dəfn mərasimi və matəm günləri azərbaycanlılarımız tərəfindən geniş və dərin hüznlə keçiriləcəkdir və orada da, Qulamrza Əmaninin, Milli Hərəkata etdiyi xidmətləri soydaşlarımız tərəfindən dəyərləndiriləcəkdir.

 

Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası (GASBEK):         

Abdulla Əmir Haşimi (Cavanşir)          
Firidun Pərvizniya       
Maşalla Rəzmi 
Məhəmməd Müştaq     
Dr Nurəddin Qərəvi     

25.X.2008

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa