Tarixi bir gün: 29 bəhmən, Təbriz qiyamı

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

“Azərbaycan qəzeti” –ADF nəşriyyəsi, № 2914, (N. Firuz), ərəb əlifbası ilə
bəhmən 1371

“Durna” dərgisi, № 16, (Abdulla Əmir Haşimi), latin qrafikası ilə

Stockholm, qış 1999

 

Azərbaycan qədim zamanlardan türklərin məskunlaşmış ərazisidir. Əsrlər boyu onun əhalisi yaşayıb yaratmaq uğrunda çalışıb vuruşmuşlar. 19-cu əsrin sonundan başlanan hərəkatlar xüsusən Güney Azərbaycanda Məşrutə, Xiyabani, 21 azər hərəkatı, həmçinin son vaxtlarda 29 bəhmən Təbriz qiyamı əsarətdə saxlamağa can atan Məhəmmədrza şah Pəhləvi və digər əcnəbi müstəmləkəçilərə qarşı hərəkatlar olmuşlar.


Qocaman Təbriz qəhrəmanlıq, hünər və sənəd ocağı, Səttərxan, Bağırxan yurdu həmişə bu hərəkatlarda öncüllük rolunu oynamışdır. Məhəmmədrza şah Pəhləvi rejiminin ömrünün son çağlarında Azərbaycanda istibdad, ədalətsizlik milli zülm son dərəcəyə gəlib çatmışdır. Məskən, ərzaq, geyim vasitələrinin bahalığı digər yerlərdə olduğu kimi Azərbaycanda da o cümlədən Təbriz şəhər əhalisinin gün-güzəranının gündən-günə pisləşməsi, kəndlilərin yoxsulluğuna, bunlarla bərabər azərbaycanlıların bir xalq kimi dünya xalqlar içərisində hesaba gəlməməsi, maddi və mənəvi sirvətlərinin həqiqi ma’liki olmaması, öz ana dilində yazıb oxumaq, milli təşkilatların qurmaq, öz müqəddəratını tə’yin etmə huququndan məhrum olması, bunlarla bərabər Azərbaycanda get-gedə rejim tərəfindən faşisti layihələrin həyata keçirilməsi, xalqı gündən günə çıxış yollarını axtarmağa sövq edirdi. Əhalinin narazılığı əsaslı dəyişiklik zərurətini irəli sürürdü. Müstəbid rejim hər cürə dəyişiklik və təkamülün yolu üzərində bir sədd kimi dayandığından, heç bir qiymət bahasına demokratik islahata tərəfdar çıxmayacağından, özünün heç bir mövqeyini əldən verməyə hazır olmadığından, 1356 il 29 bəhmən tarixli həyəcanlı Təbriz qiyamı bu özbaşınalıq əleyhinə baş verən geniş və ümumi hərəkət idi. ”Ürəklərin döyüntüləri yavaş-yavaş naəiyə çevrildi. Bu nalələr genişlənsə, fəryada çevrilər” – (Şamlu).


Qiyamın qığılcımı, şənbə günü səhər saat 9-da Hacı Mirza Yusif məscidinin qabağında şö’lələndi. 6-cı polis şö’bəsinin rəisi kapitan Həqşünas Qum Elmi hövzəsi şəhidlərinin qırxını qeyd etmək üçün toplanmış bir neçə yüz nəfərə tohin edərkən, tələbə Tacəli, kapitanın təhqirlərinə e’tiraz etdi. Həqşünas özünün ”kolt” markalı bel tapançası ilə onu öldürdü. Təbriz xalqı, cavan tələbənin cəsədini çiyinləri üzərinə alaraq şəhərin xiyabanlarında gəzdirməyə başladı. Iki saat ərzində tələbələrdən, zəhmətkeş və sənətkarlardan, fəhlələr, şagirdlər və ziyalılardan ibarət böyük bir izdiham sel kimi şəhərin mərkəzinə doğru axışdı. Onlar polis köşklərini yandırır, bircə qəpiklərinə belə toxunmadan qəzəblənmiş kütləyə qoşulmayan bank və mağazaları daşa basırdılar.


Şəhər bütünlüklə qəhrəman Təbriz əhalisinin əlinə keçdi. Təbriz qiyamı daha çox kortəbii xarakter daşıdı. Şah və dövlətə mənsub olan qəzetlərin hamısı qiyamçıları Pişəvəri hərəkatına bağlı olan şəxslərin üsyanı kimi qələmə verdilər. Lakin təəssüflər olsun ki, həmin təşkilatın qiyama rəhbərlik etmə gücü və imkanı yetişdirilməmişdir. Uzunmüddətli hökmsürən istibdad milli qüvvələrə Azərbaycanda alternativləşməyə imkan verməmişdir. Buna görə də Təbriz şəhərini əzici qüvvələrinin ikinci hucumundan xilas edə bilən qüvvə xalq tərəfindən hazırlanmamışdır. Məhz buna görə də qiyamın müvəqqəti məğlubiyyəti labüd idi. Lakin qiyamın tə’siri altında cəmiyyətdə hökm sürən diktatorluq ağalığı sındırıldı.


Şənbə günü günortadan sonra qiyamın yatırılması prosesi başlandı. Polis qüvvələri və SAVAKın mə’murları evlərin damlarından və qonşu küçələrdən, maşınların içərisindən qiyamçılara atəş açmağa başladılar. Qoşun, general Bidabadının başçılığı altında polis qüvvələrinin köməyi ilə əməliyyata başladı. Bunun ardınca şəhərdə hərbi vəziyyət e’lan edildi. 100 nəfərdən artıq şəhidin və 500 nəfərdən çox yaralının qanı, Təbrizin küçələrini al rəngə boyadı.


15 il bundan qabax Təbrizdə şö’lələnən bu atəş 29 bəhmən şəhidlərinin xatirəsini əziz tutmaqla yanaşı, bizi Babək və Səttar xanın, Məhəmməd Əmin Rəsulzadə, Xiyabani və Pişəvərinin yolunu davam etdirmək üçün qiyamın dərslərini öyrənməyə və onun hədəflərini həmişə diri saxlamağa də’vət edir.


Təbriz əhalisinin həyəcanlı qiyamının məqsədi, yeni diktaturanı Pəhləvi diktatorluğunun yerinə qondarmaq deyildi. Azərbaycanda hər cürə milli zülmü məhv etmək, özü də həmişəlik ləğv etmək idi. Təbriz çıxışları, müxtəlif əqidələri və ümumi halda istibdada zidd şuar ilə çıxış edən cana gəlmiş geniş kütlələrin iştirakı ilə həyata keçirildi. Qiyamın uğur qazanmasının ilkin şərti, hakim olan istibdad və milli zülm əleyhinə Təbriz əhalisinin əməli birliyi idi. Bu qiyam, bütün şah rejimini lərzəyə gətirərək digər yerlərdə də öz tə’sirini göstərdi. Bundan bir il sonra Pəhləvi rejimi devrildi. Lakin təəssüflər olsun ki, yeni hakimlər öz və’dlərinə vəfalı olmadılar və uzun çəkmədi ki, yenidən Təbrizin və Azərbaycanın digər igid oğulları dar ağaclarına, həbsə, sürgünə mə’ruz qaldılar. Azərbaycanlıların, kürdlərin, türkmənlərin və bəluçların böyük bir hissəsi əzildi. Yenidən istibdad ölkəyə hakim kəsildi.


Bu gün Azərbaycan xalqı yenə də milli zülmə mə’ruz qalır. Azərbaycan ərazisinin tarixi adları dəyişdirilir, diktatura hökm sürür, 30 milyona yaxın bir xalq öz ana dilində yazıb oxumaqdan məhrumdur. Onun iqtisadi vəziyyəti gündən-günə pisləşir, demokratiyadan və milli qurumlardan xəbər-ətər yoxdur.


47 il bundan əvvəl Pişəvərinin rəhbərliyi altında milli hökümətin Azərbaycanın kəndlərində və şəhərlərində həyata keçirdiyi islahatlar, Milli Dövlət və Milli Məclisin təşkili, orta və ali məktəblər səviyyəsində tədrisin ana dilində aparılması, demokratik torpaq islahatı keçirilməsi və sairə tədbirlər hələ bu gün də həqiqətə çevrilməmişdir.

 

Son vaxtlarda Təbrizdə və Azərbaycanın digər şəhərlərində biri-birindən ayrı şəkildə baş verən bir sıra hadisələr göstərir ki, Azərbaycan xalqı, azadlığa nail olana qədər mübarizədən əl çəkmiyəcəkdir. Xalq qəzəbi, kül altında olan atəş kimi əlverişli şərait olan kimi, şö’lələnəcəkdir.

© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa