"İran başqa ölkələrə islam inqilabı ixrac edir"

 

"Bunu Əhmədineyad, Xamenei , Musəvi və Kərrubi inkar etmirlər"
Güney Azərbaycan Konqresinin sədri Abdulla Amir Haşiminin "Həftə içi"nə eksklüziv müsahibəsi

 

/Cavid. Həftə İçi, 2009.

 

Azərbaycanın bütövləşməsi, Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımızın hüquqlarının qorunması istiqamətində böyük mübarizə aparan nüfuzlu təşkilatlardan biri də Güney Azərbaycan Konqresidir (GAK).         
   
Lakin bu müstəvidə İran hakimiyyəti ilə mübarizə aparan digər təşkilatlar kimi, GAK da çox təqib və təzyiqlərələ üzəlşib. Amma tutduğu haqq yolundan dönməyib. Daim şüarı "Bütöv Azərbaycan", "Qarabağ" olan GAK həm daxili, həm də kənar satqınlarla üz-üzə gəldi. Onu hər vasitə ilə bu yoldan çəkindirməyə çalışdılar, hədə-qorxu gəldilər, fəalları işgəncələrə məruz qaldı, asıldı, ölkədən deportasiya edildig 1973-cü ildən İranda haqsızlıqla mübarizə aparan və buna görə dəfələrlə həbs edilən, gizlin ömür sürən, Azərbaycan Demokrat Firqəsinin ofislərini açmış, 1980-ci ildə "Xəlq müsəlman" hadisələrində firqəçi yoldaşlarının biri ilə həbsə alınaraq edamilər sırasına salınmış, lakin Qırmızı Xaç, vəkil və dostlarının fəaliyyəti əsasında ölümdən xilas edilən, hazırda İsveçdə mühacir olan GAK-ın sədri Abdulla Amir Haşimi (Cavanşir) ilə müsahibəmiz İrandakı mövcud vəziyyət və digər məqamlarla bağlı oldu.        
           
Öncə ondan nəyə görə Güneylə bağlı bütün təşkilatların xaricdə fəaliyyət göstərməsini soruşduq...
   
- İranda diktator, totalitar reyim hakimdir. Açıq sözə, açıq ictimai, siyasi və mədəni fəaliyyətə qanuni imkanlara qadağa qoyulub. Belə bir halda GAK-ın da rəhbərliyi yaşayıb-fəaliyyət etməyə məcburdur. Amma bu o demək deyil ki daxildə fəaliyyət edilmir. Əksinə, bir an da Güney Azərbaycanda GAK-ın üzv və havadarları fəaliyyətdən çəkinmirlər, İran onlara qadağa qoysa da. Təbii ki, GAK təşkilatçıları ələ keçirildikdə işgəncə və həbsə məruz qalırlar. Və yaxud bəzən ölümə məruz qalmasınlar deyə ölkəni tərk etməyə məcbur olurlar.         
   
   - Güney Azərbaycan Konqresinin Dünya Azərbaycanlıları Konqresləri ilə əlaqələri mövcuddurmu?
   
   - Konkret olaraq GAK-ın Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Demokrat Firqəsi (ADF), Dünya Azərbaycanlıları Birliyi (DAB), Azərbaycan Federasiyası - İsveç (AFİ) və adlarını çəkmək istəmədiyimiz sair qurumlarla yaxın əməkdaşlıqları var. Bir sözlə desək, elə bir təşkilat tapa bilməzsiniz ki, GAK orda təmsil olunmasın. DAK-la əməkdaşlıq protokolumuz nəticəsində müxtəlif ölkələrdə nümayəndəliklərimiz birgə tədbirlər keçirirlər - istər bədnam qonşu Ermənistanın işğalçılıq siyasətinin əleyhinə etiraz aksiyaları, istərsə də Güney Azərbaycanı öz əsarətində saxlayan İran əleyhinə mitinqlər və ya Həmrəylik günü kimi ümummilli bayramlarımız münasibətilə birgə mərasimlər təşkil edirlər. Uzun müddət DAK-ın birinci müavini və təşkilat məsulu olduğum dövrdə qurumda düzgün fəaliyyət və inkişafı təşkil edə bildim. Lakin mənə və fikirdaşlarıma qarşı çıxan adamlar - hansı ki bir sırası qərəzli adamlar idilər, DAK-ı son 4 ildə dərin böhrana saldılar. Həmin böhran DAK-ı bir neçə qrupa bölübdür. Onun məsuliyyətini daşıyan adamların siyasi və təşkilati təcrübəsizlikləri və bəzən də əxlaqi və siyasi səlahiyyətsiz adamların DAK-ın işinə ciddi müdaxilələrinin və əlbəttə İranın bu disbalansın dərinləşməsində xüsusi rolu oldu. Hər halda, DAK-ların inkişafı üçün əlimizdən gələn yardımı əsirgəmirik. Vaxtilə mənə qarşı olan adamlar öz səhvlərini başa düşüb, özlərini tənqidi bacara bildilər - bizimlə ən yaxın əməkdaşlıqları var.    
   
   - Güney Azərbaycan Konqresinin İranda hansısa fəalları və yaxud da şöbəsi varmı?
   
   - Hakim diktator reyimi şəraitində, GAK-ın açıq və ələni ofis və şöbələrini Güney Azərbaycan şəhərlərində yaratmaq mümkün deyil. 1979 inqilabından sonra Azərbaycan Demokrat Firqəsinin ofislərini 22 şəhərdə yarada bildik, amma üç il çəkmədi ki bütün ofislər bağlanıldı və öz xərcimizlə alınan avadanlıqlara əl qoyuldu, üzv və havadarlar həbs olundu. Bu gün də konqresin rəsmi ofislərini açmaq mümkün deyil. Bu işi biz gizli həyata keçiririk. Cəsarətlə qeyd etmək istərdim ki, Güney Azərbaycan Milli Hərəkatında GAK-ın siyasi və təşkilati nüfuzu olmadan heç bir qərar alınmamış və uğurlu addım atılmamışdır. Güney Azərbaycan Milli Hərəkatında hər hansı bir hadisənin başlanıb və bitməsi GAK-ın aparıcı rolu ilə həyata keçmişdir.          
   
   - Nədəndir dünyanın bir neçə ölkəsinə səpələnmiş güneyli azərbaycanlıların ürəyində Azərbaycanın bütövlüyünə inam zəifdir? Yəni onlar reallıqdan çıxış edib Azərbaycan azərbaycanlıları ilə həmrəylik nümayiş etdirmirlər. Məsələn, ABŞ, Fransa, elə İranın özündə?
   
   - Dünyaya səpələnmiş azərbaycanlılar müxtəlif səbəblərdən xaricdə yaşamağa üz tutublar. Bir sırası iqtisadi, digəri isə təhsil üçün və bəziləri də siyasi səbəbdən xaricdə yaşayırlar. İqtisadi çətinlik və təhsil üçün xaricə gələn azərbaycanlılar İran reyiminin dairələri ilə geniş əlaqədə olduqları üçün İranın antiazərbaycan təbliğatının təsiri altındadırlar və yaxud uzaq durmağa məcburdurlar. Siyasi cəhətdən xaricdə yaşayan azərbaycanlıların hamısı isə milli motiv və azərbaycançılıq ucbatından burada yaşamır. Onlar şahçılardan tutmuş, mücahidlər, bəhailər, müxtəlif formada olan solçulardır və bir sırası azərbaycançı və xüsusilə Pişəvəri hərəkatının tərəfdarlarıdır ki, bunlar da xaricdə yaşayan bugünkü Azərbaycan milli fəallarını təşkil edirlər. Son saydığımın arasında çoxları GAK-la əlaqədədirlər. Ən əsas məsələ isə budur ki, İran reyiminin, antitürk və antiazərbaycan siyasətinin təkcə daxildə yox, bəlkə xaricdə də yaşayan azərbaycanlıları təzyiq altına qoymasıdır. Siz İran reyiminin xaricdə zəncirvarı qətllərinin xəbərlərini, yəqin ki, unutmamısınız. Terror və qorxunc hədə-qorxular, təbii ki, azərbaycanlıları Azərbaycana dəstək verməkdən və ya azərbaycançılıq üzrə fəaliyyətdən çəkindirməkdə təsirsiz deyil. Əlbəttə, ABŞ-da, Fransada və ya İranın özündə manqurt və öz kimliyinə biganələşdirilmiş azərbaycanlıların rolu da az deyil.            
   
   - İranın Cənubi Qafqazda yürütdüyü siyasətə münasibətiniz...      
   
   - Qafqazda İran reyimi orada yaşayan zəngin tarixə və mədəniyyətə malik olan müxtəlif millətləri özünə kölə etmək niyyətində olduğu üçün və bu xalqların ərazilərinə, yeraltı və yerüstü sərvətlərinə göz dikdiyi üçün "parçala, hökm sür" siyasətini tətbiq edir. Bu barədə bacardıqca azərbaycanlılarla onun qonşularını bir-birinin canına salmaqda əlindən gələni əsirgəmir. İran reyimi azərbaycanlılarla gürcülərin arasını vurmaqda dəridən-qabıqdan çıxıb. Bakı - Tbilisi - Ceyhan müqaviləsinin bağlanıb həyata keçməsi qarşısında nə kimi hədə-qorxular gəldiyini unutmamışıq. Xəzər dənizinin statusu müzakirələrində, Türkmənistanın Azərbaycanın əleyhinə çevrilməsində İranın birbaşa rolu var idi. Çeçenlərin necə əllərini bağlayıb, "atasının köhnə borcuna verdiyini" hamımız xatırlayırıq. Ermənistanla strateyi tərəfdaşlıq müqavilələri, ona hərbi, iqtisadi və siyasi cəhətdən dəstək verib qidalandırması və bu günədək Qarabağın işğaldan azad olunmaması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməməsində və onu zəiflətmək məqsədinə çatmaq üçün hər tür riyakaranə siyasət yürütdüyü də göz önündədir.  
   
   - Rəsmi Tehranın Azərbaycana "qardaş" gözü ilə baxmasının arxasında hansısa səmimiyyət varmı?
   
   - Bu mövzuda "İranla Azərbaycan arasında iqtisadi-siyasi münasibətlər, 1991-1997" adlı mənim dissertasiya işim olub - hansı ki 1999-cu ildə İsveçdə çap olunub. İran Azərbaycanın müstəqilliyini rəsmiyyətə tanısa da və onunla münasibətlər qurmağa məcbur olsa da, son 18 ildə ikili standartlı siyasət aparıb. Sözdə "dindaşlıq", "qardaşlıq" və "əməkdaşlıq"dan danışsa da, əməldə imzalanan müqavilələrin həyata keçirilməsində xeyli əngəlləmə siyasəti yürüdüb. Əksinə, Ermənistanın ayaq üstə durmasına və Azərbaycan torpaqlarını işqal altında saxlamasına İran dövləti geniş şərait yaradıb. Güney Azərbaycan məsələsindən də Azərbaycan lazımi istifadə etməyi bacarmayıb. İran reyimi də Güney Azərbaycan məsələsində hansısa güzəştə getməyi özündən nümayiş etdirməyib. Bu gün Güney Azərbaycanda 35 milyonluq güney azərbaycanlıların bircə dənə belə ana dillərində məktəbinin açılmasına icazə verilmir. Bundan əlavə, İranın bir çox rəsmi şəxsləri Azərbaycanın ərazisini "İranın qədimi torpaqları" hesab edərək, "İrana qaytarılmasını" vaxtaşırı söyləyirlər. Azərbaycan isə İran - Rusiya - Ermənistanın qorxusundan Güney məsələsini dilə belə gətirə bilmir. Deməli, İranla Azərbaycan arasında Güney mövzusu müzakirə obyekti ola bilmir. Ancaq biz inanırıq ki, bu müvəqqətidir. Çox çəkməz ki, Güney Azərbaycanın azadlığı regionda daimi sülh və əmin-amanlığın təmini kimi "dəyirmi masa"larda müzakirə mövzusuna çevrilər.  
   
   - İran Azərbaycanla viza reyimini ləğv etmək niyyətindədir. Bu, əlaqələrin inkişafına hansısa müsbət təsir göstərəcəkmi?           
   
   - İkiyə bölünmüş Azərbaycan xalqının bir-birinə gəliş-gedişini, iqtisadi, siyasi və mədəni əlaqələrin və qohumlaşma münasibətlərinin genişlənməsini bütöv Azərbaycanın yaranmasına doğru addımlar kimi hesab edirik. Lakin İran reyiminin istilaçı, antitürk və antiazərbaycan siyasəti otaylı-butaylı Azərbaycan xalqının əlaqələrinin genişlənib və asanlaşmasına maneədir. İran xarici işlər naziri Möttəki mart ayında verdiyi müsahibələrində Azərbaycanla birtərəfli viza reyiminin aradan götürülməsi haqda Vasif Talıbovun verdiyi təklifə müsbət cavab bildirsə də, İranla bir çox razılıqların, müqavilələrin, anlaşmaların kağız üstə qaldığı kimi, Möttəkinin dediyinin də kağız üstə qalması və ya ondan sui-istifadə edilməsi gözlənilir.
   
   - İranın, azərbaycanlılarla digər xalqların nümayəndələri arasında münasibətlərə münasibətiniz...
   
   - Bu dövlətin əsas daxili siyasətinin özəyini antiazərbaycan və antiərəb siyasəti təşkil edirdi ki, bu günədək davam edir. Əlbəttə, burada erməni etnik qrupu istisna daşıyır. 35 milyon azərbaycanlının bir məktəbi belə olmadığı halda və hətta son vaxtlar mövcud olan və xalqımızın öz hesabına təşkil etdiyi mədəniyyət ocaqları qapısı bağladılan bir vaxtda, ermənilərin məktəblər və hətta universitetlərinə xüsusi büdcə ayrılır, erməni kilsələri maliyyələşdirilir, "Daşnaksütyun" partiyasına aid saysız-hesabsız kitab və nəşriyyələr buraxılır, dünya ermənilərinin yığıncaqları malliyyələşdirilib, təşkil edilir. Erməni diasporuna da xüsusi yardım ayrılır. Müsəlman Azərbaycan torpaqlarını işğal edən təcavüzkar Ermənistana "müsəlman" İranın son 18 ildə etdiyi yardımdan hamımızın xəbəri var və bilirik ki, bu yardımsız Ermənistan nə təcavüz etməyə qadir idi və nə də yaşamaq imkanı var idi. İran reyiminin İranda yaşayan türkmən, bəluc və ərəb xalqlarına da münasibəti qəddarcasınadır. Bəlucistanda və əl-Əhvazda hər gün dar ağacları bərpadır.
   
   - İran islam ölkəsi olsa da, Azərbaycana narkotiklərin daşınması daha çox həmin ölkədən qeydə alınır. Eyni zamanda ıAzərbaycanda dövlət çevrilişinə cəhd edən bir neçə terrorçu qruplaşma zərərsizləşdirilib ki, onların da arasında İranın xüsusi kəşfiyyat orqanlarına işləyənlər üzə çıxarılıb.
   
   - İran reyiminin sözdə "narkotiklə mübarizə" siyasəti daxildə 10 minlərlə insan həyatını kran və dar ağaclarına rastlaşdırsa da, uğursuzdur və hakimiyyətdə olan müxtəlif mafiya qruplarının vasitə və imkanları ilə istehsal olub yayılan narkotikin xaricdə yayılmasının genişlənməsi bu gün hamıya, hətta yaşadığımız avropalılara da problemdir. İran reyiminin narkotiklə mübarizə iddiası da tam riyakar və yalandır. İran reyimi gəncləri öz kültürlərindən ayırmaqla, siyasi fəaliyyətdən uzaqlaşdırmaqla, elm-təhsil əvəzinə xurafat və mövhumatı beyinlərə yeritməklə, musiqi, teatr, incəsənət, rəsm və heykəltəraşlıq fəaliyyətlərinə ümumiyyətlə qadağa qoymaqla vətəndaşları ümidsizliyə, narkomaniyaya, cinayətə sövq edir. Demək istədiyim, İran reyiminin siyasətinin bir hissəsi düşünülmüş olsa da, digər hissəsi dövlət səviyyəsində cəhalət ideologiyasından irəli gəlir. Təbii ki, bu xəstəlik onun qonşularına da sirayət edir. İranın terror qruplarını hazırlaması və başqa ölkələrdə, o cümlədən Azərbaycanda və Avropada yerləşdirib və əməliyyat aparması da bu gün bütün mətbuata və beynəlxalq məhkəmələrə aydındır. İranın başqa ölkələrə islam inqilabını açıqca ixrac etmələrini də nə indiki başçı Əhmədineyad, nə vəli-e fəqih ayətulla Xameneyi və nə də İranın müxalifətində olan Musəvi və ya Kərrubi inkar etmirlər. Azərbaycanda son 18 ildə İran reyiminin apardığı həmin sahədə fəaliyyətlər, molla-tələbə tərbiyəsindən tutmuş, dövlət çevrilişinə cəhd edən Mahir Cavadovlara sığınacaq verməyədək, Azərbaycan gənclərini mövhumat və xurafata yönəldən saysız-hesabsız kitab və nəşriyyələr buraxmaqdan tutmuş, Azərbaycanda müxtəlif növ narkotik maddələrini yaymağadək, Azərbaycan gənclərini qeyri-sağlam həyat tərzinə stimullaşdırmaq, Nardarandan tutmuş Lənkəranadək, Şuşadan tutmuş Bakıyadək separatçı və süni vətəndaş qarşıdurması yaratmaq, müxtəlif terror qrupları, o cümlədən 2007-də həbs edilən 16 nəfərlik "Səidin dəstəsi" kimi qrupların yaradılması İran reyiminin antiazərbaycan siyasətinin tərkib hissəsidir.       
   
   - İranın "Səhər" telekanalında Azərbaycan bayrağının təhqir olunmasına münasibətiniz və bunun haradan qaynaqlandığı barədə nə deyə bilərsiniz?      
   
   - Cari ilin 4 oktyabr tarixində növbəti dəfə olaraq "Səhər" telekanalında Azərbaycanın dövlət atributlarının və rəsmi xalq nümayəndələrinin təhqir edilməsi ilkin dəfə deyildi. Sonuncu da olmayacaq. Azərbaycan bayrağının və ya hər hansı dövlət atributunun və xalqımızın təhqiri qəbuledilməzdir. Bunu 22 may 2006-da Təbrizin qiyamında İran reyimi təcrübə etdi - hansı ki "İran" qəzeti Azərbaycan türklərini tarakana oxşatmışdı. Qəzetə cavab olaraq ımilyonlarca güney azərbaycanlıları küçələrə tökülüb, qəzetin bağlanmasını və yazarının mühakiməsini tələb edərək, "Haray, haray, mən türkəm!" deyə öz milli kimliklərindən şəhamətlə müdafiə etdilər. "Səhər" kanalı və o kimi vasitələr farsların şovinist siyasətinin mikrofonudur - düşmənin danışan dilidir. Bu dil daha uzun danışsa, "İran" qəzetinin taleyi ilə rastlaşacaq. Azərbaycan bayrağı 50 milyonluq azərbaycanlıların bayrağıdır - o toxunulmazdır, dövlət rəmzimizdir. Azərbaycan dövləti də azərbaycanlıların birinci dövlətinin qanuni yeganə varisidir, bütün işğal altında olan Azərbaycan torpaqlarının qanuni sahibidir. O bizi təmsil edən yeganə dövlətdir.

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x44.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.